“Bizim müsahibə”nin növbəti qonağı Quba rayonu Talabqışlaq bələdiyyəsinin sədri Mahir Məmmədovdur. Suallarımıza ünvanlanan cavabları sizlərə təqdim edirik:
- Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə görürsünüz?
- ərazidəki problemlər təbii ki, təkcə bələdiyyə səlahiyyətində deyil. Kəndlərarası yollar, elektrik təchizatı, rabitə, təhsil, suvarma suyu (kanallar) və sair əlaqədar təşkilatların məsuliyyət zonasıdır. Bələdiyyə olaraq qeyd olunan qurumlarla mütəmadi əlaqələr qururuq, problemləri çatdırırıq, həlli istiqamətində əməkdaşlıq etməyə daim hazırıq.
Bələdiyyənin işinin düzgün təşkilinə gəldikdə, ilk növbədə bələdiyyənin maliyyə, vergi uçot sisteminin təkmilləşdirilməsi,bələdiyyə torpaqları üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması, torpaqların faktiki istifadə vəziyyəti ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ən vacib məqamlardır.
- Bələdiyyədə vergi-uçot sistemi necə qurulub, sistemdə vergi ödəyiciləri tam əhatə olunubmu?
- Talabıqışlaq bələdiyyəsi vergi-uçot sistemini bütövlükdə BAMS proqramı üzərinə qurmuşdur. Vergitutma obyektləri və vergi ödəyiciləri uyğun olaraq son 3 ildə aşağıdakı kimi olmuşdur. 2020-ci ildə vegi ödəyicilərinın sayı 860, 2021-ci ildə 915, 2022-ci ildə isə 973 nəfər olmuşdur ki, bu da vergi ödəyicilərinin təxminən 90 % -ni təşkil etmişdir. Məlum səbəblərdən də vergi ödəyiciləri sistemdə tam əhatə olunmayıb.
- Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?
- Qəbul edilən qanunlarda, yerlərdə bələdiyyələrin səlahiyyətinin və maliyyə əsaslarının artırılmasına əsaslanan qanun layihələrinin qəbul edilməsini təklif edirik.
- Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?
- Talabıqışlaq bələdiyyəsində əhali demək olar ki, bütün sahələrə aid şikayətləri ilk öncə yerli bələdiyyəyə çatdırır. Bələdiyyə olaraq biz, müraciətləri təyinatı üzrə əlaqələndirir, vətəndaşları maarifləndiririk. Adətən içməli su, kənd içi yolların təmiri, ərzaq və maddi yardım kimi problemlərin həllinə daha çox nail ola bilirik.
- Bələdiyyənizin əgər DSMF-yə və digər orqanlara olan borcu varsa, onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?
- DSMF-yə borcumuz yoxdur. Fəaliyyətimizlə çalışırıq ki, nə DSMF-yə nədə ki, digər orqanlara borcumuz olsun.
- Sizin rayonda icra-bələdiyyə münasibətləri hansı formada tənzimlənir?
- Talabıqışlaq bələdiyyəsinin həm yerli icra nümayəndəliyi, həm də, rayon icra hakimiyyəti ilə münasibətləri qarşılıqlı əməkdaşlıq üzərində qurulub.
Belediyye.info